Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib. Pandemiyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün başda Çin, İtaliya, Amerika Birləşmiş Ştatları (ABŞ), İspaniya, Fransa, Rusiya kimi ölkələr tədbir tökməyə başladı. Koronavirus pandemiyası ilə mübarizə üçün əsas vaksin tapılmayıb. Doğrudur, dünyanın aparıcı tibb institutları bunun üçün araşdırmalara başlayıblar. Amma vaksin tapılana qədər xəstələrin müalicəsi müəyyən dərman preparatları ilə həyata keçirilir.
Hətta ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində xlorokin adlı dərmanın Covid-19-un müalicəsində təsirli olduğunu irəli sürmüşdü. ABŞ prezidentinin adını belə düzgün tələffüz edə bilmədiyi dərmanı Birləşmiş Ştatların Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqləmədiyini bəyan etdi. Cəmi dörd gün sonra dərmanın mənfi təsirləri özünü göstərməyə başladı.
Nigeriyanın paytaxtı Laqosda yaşayan üç nəfər Trampın tövsiyə etdiyi dərmandan yüksək dozada istifadə etdikləri üçün təcili xəstəxanaya aparıldılar. Nigeriya rəsmiləri bu dərmanın evdə, həkim nəzarəti olmadan istifadə edilməməsi haqda xəbərdarlıq elədilər.
Rusiyalı həkimlər isə koronavirus pandemiyasının qarşısının alınmasında, daha doğrusu, xəstələrin müalicəsində arbidol adlı dərmanı məsləhət gördüklərini bildirirlər. Rus həkimlər açıqlamalarında qeyd edib ki, Covid-19-da heç bir xüsusi simptom olmur - bu cəhətdən o, soyuqdəymə və respirator virus infeksiyalarından o qədər də fərqlənmir. Bənzər şəkildə inkişaf edən xəstəlik, adi hallarda olduğu kimi sətəlcəmlə nəticələnə bilər.
Bu səbəbdən də Mürəkkəbləşmə nəticəsində qandakı oksigenin səviyyəsi 93 faizdən aşağı düşərsə, müqavimət göstərən (rezistent) infeksiyaların müalicəsində olduğu kimi, nemonoksasin və sintetik linezolid antibiotikləri təyin olunur.
Koronavirus pandemiyasının birinci mərhələsinə qalib gəlmiş Çində isə azitromisin və ya amoksisillin kimi dərman və preparatlardan geniş istifadə edilir. Əgər dərmanlar virusa yoluxmuş xəstədə müsbət təsirlər oyadarsa, o halda xəstə təcrid olunur və müalicəni respirator ftorxinolon və arbidolla davam etdirirlər. Eyni zamanda, Çin həkimləri malyariyaya qarşı istifadə olunan xloroxinin koronavirusa qarşı da effektiv olduğunu aşkar ediblər. Buna görə bu ölkədə pandemiya ilə mübarizədə xloroxin də rəsmi tövsiyələrə əlavə edilə bilər.
Xəstəxanaya yerləşdirilən şəxslərin hamısına adi müalicə ilə yanaşı, Çin təbabətinin ənənəvi üsulları da tövsiyə olunub. Çin Elm və Texnologiya Nazirliyi koronavirusa yoluxan 60 mindən çox insana ənənəvi təbabət vasitələrinin təyin olunduğunu bildirir.
Yerli mediaya əsasən, hər iki növlə müalicə olunan xəstələr yalnız "adi" dərman alan pasiyentlərə nisbətən daha tez sağalıblar. Misal üçün, Hançjou xəstəxanasına ağır vəziyyətdə çatdırılan 88 yaşlı qadını məhz qarışıq üsulla müalicə etmək mümkün olub. Bu ənənəvi dərman iynəyarpaq və biyan kökü də daxil, müalicəvi bitkilər əsasında hazırlanır.
Yaponiya isə koronavirusla mübarizədə öz dərmanlarını məsləhət görüb. Belə ki, yapon həkimlər Yaponiya istehsalı “Favipiravir” antiviral pereparatının yüngül və orta simptomlu xəstələrdə sağalma müddətinini 11 gündən 4 günə endirdiyi məlum olub. Yüksək hərarətli xəstələrdə isə dərmanın istifadəsi nəticəsində temperatur müddəti 4,2 gündən 2,5 günə enib. Bundan əlavə əldə olunan rentgen görüntüləri əsasında xəstələrin ağciyərlərində yaxşıya doğru əhəmiyyətli inkişaf müşahidə olunub.
Fransa da koronavirus pandemiyası üçün müəyyən müalicəedici preparatlar tapıb. Belə ki, malyariyanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsində uğurla sınaqdan keçirilib.
Tədqiqat əsasən iki qrup preparat ətrafında aparılır: remdesivira – ribonuklein turşusunun transkripsiyasının vaxtından əvvəl kəsilməsi vasitəsilə virusun replikasiyasını inhibə edən geniş antiviral aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları. 6 pasiyent üzərində aparılan sınaqlar 6 gün sonra bəhrələrini verib. Nəticədə koronavirusa yoluxmuş 6 pasiyentin analizləri neqativ çıxıb.
Qardaş Türkiyədə isə daha çox “Ritonavir”dən istifadə olunur.
Azərbaycanda da koronavirusa yoluxanların sayı artıq 1000-i keçib. Aydındır ki, bir-iki xaricdə yaşayan alimimiz koronavirusla bağlı xüsusi preparat hazırlamaq üçün təcrübələrə başlayıb. Hələ ki, onların araşdırmalarının real nəticəsi yoxdur. Bəs xəstələrin müalicəsi üçün daha çox hansı dərmanlardan istifadə olunur?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev hafta.az-a açıqlamasında bildirib ki, dünyada koronavirus pandemiyasına yoluxmuş şəxslərin müalicəsində tətbiq edilən dərmanların əksəriyyəti bizdə də istifadə olunur:
“Daha çox üstünlük isə ritonavir-lopinavir kombinasiyasına verilir. Bir də anti-parazital peraparatlardan – delagil kimi preparatlardan istifadə olunur. Digərləri dəstəkləyici müalicədir. Bu sadalanan preparatlar da dəqiq tövsviyyə edilməyib. Koronavirusa spesifik təsir göstərməsi ilə bağlı heç nə açıqlanmayıb. Müəyyən hallarda istifadə etdikdən sonra bir sıra xəstələr üzərində müəyyən nəticə əldə olunub. Dəqiq bilinmir ki, xəstəliyə bu preparatlarmı müsbət təsir göstərib, yoxsa xəstənin öz orqanizmi bu virusa qalib gəlib?! Bu preparatlar üzərində hələ ki, işlər aparılır. Onu da deyim ki, bu dərmanlar on illərdir ki, tibbi praktikada istifadə edilir”.
Cəlal İsayev onu da əlavə edib ki, ritonavir-lopinavir kombinasiyası İİV daşıyıcılarının da müalicəsində istifadə edilən dərmandır: “Digərləri isə anti-malyariya və anti-parazital preparatlardır. Neçə illərdir ki, bu preparatlar istifadədədir. Hətta bir sıra virus və xəstəliklərdə də bu preparatlar yoxlanılıb. Necə təsir göstərdiyi müəyyənləşdirilib. Müəyyən müsbət nəticələr də əldə olunub. Amma bunlar on il əvvəlki tədqiqatların nəticələridir. Hazırda koronavirusla mübarizədə dəqiq araşdırmalar aparılmayıb. Yəni, viruslara spesfik təsir göstərən dərman preparatı hələlik yoxdur. Ritonavir və lopinavir ilk infeksiyada müəyyən təsirə malikdir. O da tamamilə təmizləmir. Müəyyən qədər fəsadlarının və ağır təsirlərinin qarşısını alır. Parastamol isə simtomatik müalicə üçündür. Müəyyən təsirlərə malikdir. Bütün bunlar dəstəkləyici müalicə üçün nəzərdə tutulan preparatlardır”.
Baş infeksionist bildirib ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə üçün istifadə edilən və təklif olunan dərmanlar istifadə edilməklə yanaşı, onların təsiri müşahidə altına alınır: “Hələlik bizim elə geniş eksperimental bazamız yoxdur ki, geniş tədqiqat işləri aparılsın. Rusiyada, Türkiyədə və Qərb ölkələrində istifadə olunan preparatlardan istifadə edərək onların nəticəsini araşdırırıq. Rusiya istehsalı olan arbidol preparatı da xəstələrə verilir. Ağır xəstələrin müalicəsində müsbət təsir əldə etmək üçün istifadə olunur. Bütün bu sadalanan preparatlar dünyada istifadə olunur və bizdə də qeydiyyatdan keçib”.